Sinqapur

Sinqapur

Sinqapur – Cənub – Şərqi Asiyada, ekvatordan 136 kilometr məsafədə yerləşən şəhər-dövlət və  eyniadlı  adadır.

Ölkənin ərazisinə, əsas adaya yaxın yerləşən 28 kiçik ada da daxildir. Ölkə ərazisinin ümumi sahəsi – 646 kvadrat kilometrdir. Ərazisində axan ən iri çaylar  Sinqapur və  Şangay çaylarıdır. Ölkənin paytaxtı Sinqapur şəhəridir. Habelə ölkədə, güclü sənaye mərkəz olan  Curonq adlı şəhərtipli qəsəbə də var. Son məlumatlara görə ölkə əhalisinin ümumi sayı beş milyon nəfərdən artıqdır. Ölkədə əsasən çinlilər, Hindistandan, Banqladeşdən gəlmələr, malaziyalılar və avropalılar məskən salıb. Sinqapur dünyanın ən məşhur paytaxtlarından biri hesab edilir.

Tropik iqlim, zəngin bitki aləmi, yerli sakinlərin səmimiliyi və dostcasına davranışı – bütün bunlar əla istirahətə şərait yaradır və Sinqapuru bütün dünya turistləri üçün maraqlı və cəzbedici edir.

Demək olar ki, Sinqapur – ziddiyyətlər şəhəridir. Burada gəzən zaman hər dəqiqə nəyəsə təəccüblənmək olar. Ultramüasir göydələnlər və içinə daxil olanda, zamanın dayandığı  hiss edilən  kiçik Çin evcikləri olan məhəllələr yanaşı yerləşib. Sinqapurda Çayna-Taun (Çin), kiçik Hindistan (Hind) və Ərəb küçəsi (ərəb) kimi məşhur məhəllələr var. Sinqapurda hər kəs mütləq baxılası maraqlı obyekt tapacaq – mehmanxanalar, ən böyük dünya bankları, ultramüasir əyləncə kompleksləri, buddist məbədləri, təmtəraqlı supermarketlər, insanlarla qaynayan küçələr və yaşıllıqlarla zəngin  parklar.

Sinqapur şəhərinin adını sanskritdən hərfi tərcümə etsək, bu söz “Aslanlar şəhəri” kimi səslənəcək. Aslan Sinqapurun qədim mifik  himayəçisi hesab edilir. Yeri gəlmişkən, Padanq meydanında turist və yerli sakinlərə mifik heyvanı xatırladan Dəniz şirinin (Merlion) metal heykəlini görmək olar.